Son yenilənmə: 28 avqust 2026
Bu, rezervs.az xidmətindən istifadə şərtləridir. Hesab yaratmaqla bu şərtləri qəbul etmiş olursunuz. Sadə dildə yazılıb — hüquqi termin minimuma endirilib.
Xidmət göstərən: Cəbrayıl, Bakı, Azərbaycan — bundan sonra «biz».
İstifadəçi: hesab yaradan biznes sahibi və ya onun səlahiyyət verdiyi şəxs, bundan sonra «siz».
Biznesiniz üçün onlayn rezervasiya səhifəsi, təqvim, müştəri siyahısı və avtomatik xatırlatma sistemi veririk. Müştəriləriniz sizin verdiyiniz link vasitəsilə özləri rezerv edir.
Biz vasitəçi deyilik: müştəri ilə sizin aranızdakı xidmətə, qiymətə və keyfiyyətə görə məsuliyyət daşımırıq. Rezervlərdən komissiya almırıq.
Tarifi yüksəldəndə ödəniş səhifəsi açılır və tarif yalnız ödəniş alındıqdan sonra qoşulur. Ödəməsəniz heç nə dəyişmir və heç bir borc yaranmır.
İstənilən vaxt dayandıra bilərsiniz. Müqavilə müddəti, öhdəlik və ləğv cəriməsi yoxdur.
Dayandırma və ya aşağı tarifə keçid ödədiyiniz dövrün sonunda qüvvəyə minir — artıq ödədiyiniz günləri itirmirsiniz.
⚠️ Heç bir halda təqviminizi və müştəri siyahınızı bağlamırıq. Ödəniş dayandırılsa belə məlumatlarınıza girişiniz qalır və onları istənilən vaxt fayl kimi yükləyə bilərsiniz.
Hesabı öz istəyinizlə dövrün ortasında bağlasanız, istifadə edilməmiş günlərin haqqı geri qaytarılmır — ödədiyiniz dövrün sonuna qədər xidmət açıq qalır. Texniki nasazlıq bizim tərəfimizdən olubsa və xidmət uzun müddət işləməyibsə, həmin dövrün haqqı geri qaytarılır və ya növbəti aya keçirilir.
Xatırlatmalar Telegram, WhatsApp, SMS və e-poçt vasitəsilə göndərilir. Bu kanallar üçüncü tərəf xidmətləridir — mesajın çatdırılmasına zəmanət verə bilmirik, çünki bu, operatordan, müştərinin telefonundan və həmin platformanın qaydalarından asılıdır.
SMS kvotası tarifə daxildir. Kvota bitəndə xatırlatmalar avtomatik olaraq pulsuz kanallardan davam edir — gözlənilməz hesab gəlmir.
Sistemi fasiləsiz saxlamağa çalışırıq, amma texniki işlər və nasazlıqlar mümkündür. Planlaşdırılmış işlər barədə əvvəlcədən xəbər veririk.
Xidmətin dayanmasından yaranan dolayı zərərə (itirilmiş müştəri, gəlir) görə məsuliyyət daşımırıq. Məsuliyyətimiz son 3 ayda ödədiyiniz abunə məbləği ilə məhdudlaşır.
Məlumatların necə toplandığı və işləndiyi ayrıca sənəddə yazılıb: Məxfilik siyasəti. Sağlamlıq məlumatı ilə işləyən bizneslər üçün əlavə razılıq forması tətbiq olunur.
Şərtləri dəyişə bilərik. Vacib dəyişikliklər barədə ən azı 14 gün əvvəl xəbər veririk. Razı deyilsinizsə, abunəni dayandıra bilərsiniz.
Mübahisələr danışıqlar yolu ilə həll edilir. Həll olunmazsa, Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq olunur.